Поиск по этому блогу

воскресенье, 26 июня 2011 г.

Dövlət ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması ilə bağlı Azərbaycan EL Hərəkatı etiraz bəyanatı verib. Bəyanatda deyilir:


“Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum edir”

Azərbaycan hökuməti vətəndaşların təhsil almaq imkanlarını zərbəə altında qoyaraq dövlət ali məktəblərində ödənişlərin artırılmasına qərar verib. Yeni tədris ilindən etibarən dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrimiz bir neçə qat artıq vəsait ödəməli olacaqlar. Fakultələrdən asılı olaraq təhsil haqları 300 manat 1500 manat arası artıb. Hazırda ölkədə ən aşağı təhsil haqqı 900 manat, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Azərbaycanda dövlət ali məktəblərində təhsil alan tələbələrin 60 faizə qədəri ödənişli əsaslarla təhsil alır. Ölkədə orta aylıq əmək haqqının 300 manat civarında olduğunu nəzərə alsaq, bu 60 faizə qədər tələbənin təhsil haqlarını ödəməkdə nə qədər çətinlik çəkdiyini aydın təsəvvür etmək olar. İndi onların çətinliyi hökumətin məsuliyyətsiz qərarı ilə daha da artmış olacaq.
Maliyyə imkanlarının genişliyi ilə öyünən bir hökumətin, guya büdcə gəlirlərinin artımı qayğısına qalırmış kimi, xüsusən də əhalinin imkansız təbəqəsinə ağır zərbə olan qərara qol qoyması heç bir mənəvi prinsipə sığmır. Hökumət bu qərarı ilə onsuz da tam keyfiyyətli təhsil verə bilmədiyi vətəndaşlarının ali məktəblərə qəbulunun qarşısında ciddi maneə yaratmış olur. Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum etmək deməkdir.
Neft gəlirlərini insan kapitalına çevirməyə başladığını bəyan edən hökumət əlbəttə ki, təhsilə, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin təhsil ala bilməsi qayğısına qalmalıdır. Lakin indiki halda Azərbaycan hökuməti öz bəyanatlarının əksinə olaraq, təhsilin keyfiyyəti qayğısına qalmır, üstəlik lüzumsuz ödəniş artımı ilə vətəndaşların ali məktəblərə yolunu da bağlayır.
Hökumət bu qərarla büdcə vəsaitlərinin qayğısına qalmaq, yaxud tahsil müəssisələrinin maliyyələşmə imkanlarını artırmaq istədiyini iddia edə bilməz. Çünki belə bir istək olsaydı, məmurların dövlətdən milyonlarla vəsaiti oğurlamasının qarşısı alınar, büdcə pulları hər hansı perspektiv faydası olmayan təmir-tikinti layihələrinə real dəyərindən dəfələrlə artıq məbləğdə rəsmiləşdirilməklə xərclənməzdi. Hökumət öyündüyü geniş maliyyə imkanlarından təhsil müəssisələrinin duyduqları zəruri ehtiyacları ödəmək üçün yararlanardı.
Azərbaycan EL Hərəkatı dövlət ali məktəblərində təhsil haqlarının artırılması qərarını qətiyyətlə pisləyir və hökuməti öz qərarına yenidən baxmağa çağırır.